Əli Əhmədov Tofiq Yaqubludan danışdı: "Cinayət tərkibli əməllərinə görə..."

 Əli Əhmədov Tofiq Yaqubludan danışdı:

Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov rəsmi feysbuk səhifəsində hazırda həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublu barəsində status paylaşıb.

O bildirib ki, müxalifətin radikal qanadı düşdüyü siyasi koma vəziyyətindən Tofiq Yaqublu “faktoru” vasitəsilə çıxmağa çalışır: “Siyasətin əxlaqla toqquşduğu çirkin hadisənin şahidləriyik. Törətdiyi cinayət tərkibli əməllərinə görə bütün prosedurlara uyğun olaraq məhkəmə hökmü ilə cəza almış müxalifətçi Tofiq Yaqublunun həyatı indi radikalların faydalanmağa çalışdığı alətə çevrilib. Bu gün üçün aktual olan müxalifətçinin elan etdiyi aclıqla əlaqədar səhhətində yaranmış problemlərin aradan qaldırılmasıdır. Dövlət öz üzərinə düşən vəzifənin yerinə yetirilməsində seçim etmir. Tofiq Yaqublunun sağlamlığının qorunması üçün lazım olan bütün tədbirlər görülür və görüləcək. Lakin təəssüf ki, əks düşərgənin mövqeyi insanın sağlamlığı deyil, ondan siyasi divident qazanmaqdan ibarətdir. Görünür, radikalları onların öz sıralarından olan birisinin həyatından daha çox, yaranmış vəziyyətdən faydalanmaq maraqlandırır.

İnsanın həyatını siyasətə qurban vermək siyasətin əxlaqi mahiyyətindən məhrum edilməsidir. O ki qaldı Tofiq Yaqublunun barəsində çıxarılan məhkəmə hökmündən narazı qalmasına, onu həll etməyin məlum hüquqi prosedurları mövcuddur. Sağlamlığı hesabına hüquqa qalib gəlmək taktikasını düzgün seçim saymaq çox çətindir. Xüsusilə də, əgər bundan kimlərsə siyasi reytinqini yüksəltməyə çalışırsa. İnsanın həyatı və sağlamlığı heç bir halda siyasi alver və ya mübarizə predmeti olmamalıdır. Azərbaycanı bu cür çirkin siyasətdən qorumalıyıq”.(prav da.az)