Ordumuzun bugünkü inkişafı kimlərisə niyə narahat edir?

Ordumuzun bugünkü inkişafı kimlərisə niyə narahat edir?

Bu günlərdə ehtiyatda olan polkovnik Qəhrəman Mənsimzadənin yenidən heç bir məntiqə söykənməyən və hüquqi əsası olmayan populist çıxışlarını sosial şəbəkədə təkrarən paylaşması  gülüş obyektinə çevrildi.  Düzü videoya ilk baxanda xeyli təəsüfləndim, deməyə söz tapmadım. Bir zabit üçün bütün imkanların yaradıldığı qurumdan cəmi 1 ay tamam olmamış öz arzusu ilə tərxis olan birinin necə və hansı əsasla mənfi fikirdə olması məni xeyli düşündürdü...

Kimliyindən və necə maskalanmasından asılı olmayaraq, hər bir insan kimliyini, daxili mənliyini gec-tez nümayiş etdirir. Məsələn, daha çoxun və yaxşısın əldə etmək niyyəti ilə yaşayan Qəhrəman Mənsimzadə kimi...

Əvvəla qeyd edək ki, illərlə xidmət etdiyi Ordumuza bir andaca dönük çıxması onu deməyə əsas verir ki, bu insan fikrində sabit deyil. Onun üçün hansı mövqe səmərəlidirsə, elə çıxış edəcəkdir. Dünən maraqlarına uyğun gəlirdisə dəstəkləyirdi, bu gün uyğun gəlmədikdə əsassız iftiralar atır və sabah başqa istiqamətə dönməyəcəyinə, yenidən kiminsə oyununa gəlməyəcəyinə zəmanət yoxdur. Günlərin birində qrant alıb “ən lazımlı” bir təşkilat yaratsa da təəccüb etməyək gərək.

Videodan bəlli olur ki, bu şəxs rəsmi müraciətinin cavabları alınmadan tələm-tələsik sosial şəbəkələrin yaratdığı “imkanlardan” istifadə edərək xəyanətkarcasına Azərbaycan Ordusu əleyhinə  qarayaxma kampaniyasını davam etdirir və Ordu mövzusunda xoşagəlməz müzakirələrə rəvac verir. 

Şəxsin çıxışından onun iddialarının əsaslı olmadığı və radikal, müxalifyönümlü auditoriyanın maraqlarına xidmət etdiyi də açıqca görünür və bu arada həmin auditoriyanın qarşısında yeni dırnaqarası demokrat sima qazanmaq məqsədi daşımaq niyyətinin olması qeyd edilməlidir. 

Diqqətlə oxuduqda və qulaq asdıqda aydın olur ki, ehtiyatda olan qaragüruhun çıxışındakı əsas niyyəti, məsələnin mahiyyətini Ordumuzda olan “neqativ” hallara yönəltmək deyil, özünün şəxsi maraqlarına sərf edən formatda təqdim etməkdir. Yəni o, öz ambisiyalarını istəklərini təmin etdikdən sonra bu “haqq-ədalət davası” sona çatacaq. 
 
Məlum videonun və videoda olanların indi təkrarən yazılı təqdim edilmiş variantında da lap əvvəlindən hiss olunduğu kimi, özünü “hərbçilərin hüquqları” uğrunda “təəsübkeşi” kimi sırımağa cəhd edən bu şəxsin çıxışının əsas mahiyyəti videonun sonlarına doğru daha qabarıq şəkildə üzə çıxır. Videonun və yazılı müraciətin məğzinin ancaq onun  özünün mənafe və maraqlarına xidmət etməsi heç kimdə şübhə doğurmur. 

Çıxışda bəh-bəhlə söylənilən “əsaslı sübutların” hələ də ortaya çıxarılmaması deyilən iftiraların fiaskoya uğraması anlamına gəlir. Məsələnin mahiyyətində isə zabitin daxili hərisliyi ilə məğlubiyyətini həzm edə bilməməsi, ona təklif olunanlarla razı olmaması və daha yaxşısını əldə etmək prinsipinin olması faktı danılmazdır. Düşmən dəyirmanına su tökən zabitin bu əməlinə  naxələflikdən başqa nə ad vermək olar?

Bütün göstərilən yüksək etimadı tapdalayaraq Ordumuza şər-böhtan yağdıran “ziyalı”, ürəyi daim Ordumuzla döyünən cəmiyyətimizin böyük təpkisi və ictimai qınağa tuş olduqda daha da qabarıq şəkildə aqressivləşməsi sosial şəbəkə istifadəçilərinə məlum oldu.

Göründüyü kimi, insan xislətini gizlədib, dəqiq olmayan və iftiralara söykənən mənfi hallardan dəm vursa da, ilk dəqiqələrdən özünü ifşa edərək şəxsi maraqlarını necə üstün tutduğu açıq-aydın görünür və dara düşdüyü andaca Ordu sıralarını ilk fürsətdə tərk etməsini də açıq-aşkar etiraf edir.

Bu gün Azərbaycan Ordusunda baş tutan inkişaf prosesi hamıya məlumdur. Bunun bariz nümunəsi kimi keçirilən irimiqyaslı təlimlər, yeni tikilən hərbi şəhərciklər və şəxsi həyətin sosial-məişət problemlərinin həlli istiqamətində atılan məqsədyönlü addımları göstərə bilərik. Azərbaycan Ordusunda aparılan işlər, istənilən sahədə qazanılan uğurlar isə gərgin əməyin nəticəsidir. Təbii ki, qazanılan, əldə edilən bu uğurlara sevinənlərlə bərabər, ürəyincə olmayan və hər cür bəhanə ilə kölgə salmağa cəhd göstərmək istəyənlərin peyda olacağı da gözləniləndir. Belələrinə yalnız boşu-boşuna danışmaq qalacaq. Onlar bilməlidirlər ki, xalqımız öz Ordusuna inanır və güvənir. Xidmətdə və ehtiyatda olmasından asılı olmayaraq bütün hərbi qulluqçuların amalı, şəxsi maraqları təmin etmək davası deyil, yalnız Qarabağımızı və digər torpaqlarımızı işğaldan azad etmək olmalıdır.

Cəfər Məmmədov, 
ehtiyatda olan zabit

AKTUAL.ORG