Rövşən Məhərrəmov yeni ampulada – uğursuz hərbçinin sərhədçi xəyalı

Rövşən Məhərrəmov yeni ampulada – uğursuz hərbçinin sərhədçi xəyalı

Xeyli müddətdir Müdafiə Nazirliyinin rəhbərliyinə şər-böhtan atan, Azərbaycan Ordusu haqqında əsassız ittihamlar səsləndirən bəzi “vətənpərvərlərin” iç üzü yavaş-yavaş açılır. Onlar atdıqları addımlarla həm Ordumuza münasibətdə qərəzli olduqlarını nümayiş etdirirlər, həm də sifarişlə işlədiklərini özləri də bilmədən ortaya qoyurlar. 

Belələrindən biri də Hərbi Polisin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmovdur. Son zamanlar Ermənistan mətbuatının, anti-Azərbaycan dairələrin və ölkəmizə düşmən kəsilən qüvvələrin maliyyələşdirdiyi KİV-lərin “baş qəhrəmanına” çevrilən, keçmişi qara ləkələrlə dolu olan R.Məhərrəmov indi yeni ampulada meydana çıxıb, üzərinə təzə missiya götürüb və dəridən-qabıqdan çıxmağa başlayıb.

Bəs uğursuz polkovnikin yeni vəzifəsi nədən ibarətdir? Məlum olduğu kimi 2018-ci ilin ortalarında Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postları və müvafiq hərbi obyektlər Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınıb. 

Son dövrlər cəbhənin bu istiqamətində düşmən fəallaşıb, atəşkəsi tez-tez pozur və gərginlik artıb. Bunun nəticəsində bir neçə şəhid vermişik. Bunlar hamısı Azərbaycanın itkisidir. Müdafiə Nazirliyində də, Dövlət Sərhəd Xidmətində də, digər qurumlarda da hərbi xidmət keçən əsgərlərin hamısı Azərbaycanın övladlarıdır. Onların hamısı bir amala xidmət edirlər. Bu da Vətəni düşmədən qorumaqdır. Ermənistan silahlı birləşmələri atəşkəsi pozanda, əsgərlərimizi atəşə tutanda baxmır ki, bu Müdafiə Nazirliyinin, yoxsa Dövlət Sərhəd Xidmətinin əsgəridir. Düşmən Azərbaycan əsgərindən qorxur və onu hədəfə alır. 

Amma sapı özümüzdən olan bəzi baltalar hətta, düşmənin də Azərbaycan Ordusuna qarşı etmədiyi hərəkətlərə yol verirlər. R.Məhərrəmov və onun kimiləri indi də yeni bir təxribata əl atıblar. Onlar Azərbaycan Ordusu ilə DSX-nın əsgərlərini müqayisə edirlər, Vətənimizi düşməndən qoruyan oğlanları fərqli formada qiymətləndirməyə cəhd göstərirlər. Özü də birbaşa düşmənlə üz-üzə dayanan əsgərləri. Azərbaycanda əyninə hərbi forma geyən oğlanları nəyinki belə üz-üzə qoymaq, hətta müqayisə etmək Vətənə, dövlətə ən böyük xəyanətdir. R.Məhərrəmov bu xəyanət missiyasını özü üzərinə götürüb. 

Hərbi Polisin keçmiş rəisi sosial şəbəkədəki səhifəsində uzun bir məqalə yazıb, hamıya öyüd-nəsiət verib ki, bəs Azərbaycan Ermənistanla müharibə şəraitindədir, ərazilərimiz işğal olunub, şəhidsiz qələbə olmur və itkilərə görə DSX-nı, onun rəhbərliyini qınamaq olmaz. 

İndi bundan soruşmaq lazımdır ki, axı sən kimsən? Sənə fərqli strukturlarda xidmət edən əsgərləri müqayisə etməyə kim ixtiyar verib? Sənin buna savadın və dünyagörüşün çatır?  

Ay uğursuz hərbçi sən nə zamandan sərhədçi işi, DSX-nın fəaliyyəti üzrə mütəxəssis olmusan? Axı sən hərbçi olmusan, sərhəd işinin təşkilini haradan bilirsən? Özü də necə hərbi qulluqçu olduğun hamıya məlumdur. Əgər öz karyeranı, keçdiyin yolu unutmusansa onda sənə bir daha xatırladaq: 

R.Məhərərmov keçmiş Müdafiə naziri Səfər Əbiyevin dövründə və onun himayəsi ilə vəzifədə irəliləyərək Hərbi Polisin rəisi vəzifəsinə qədər gəlib çıxıb. Elə ona arxalanaraq orduda at oynatmağa başlayıb, qol qoymadığı qanunsuzluq qalmayıb. O, öz dövrünün, hətta deyərdik ki, Azərbaycan Ordusu tarixində ən rüşvətxor və korrupsiner məmuru olub. R.Məhərrəmov dövlət əmlakını talan edib, mənimsəyib. Bunun nəticəsində milyonlarla vəsaitə, onlarla evə, villaya, başqa daşınmaz əmlaka sahib olub. Onun bütün karyerası hərbçiyə yaraşmayan həyat tərzi içində keçib. Hərbi Polisin rəisi olanda öz həmkarlarına qarşı tələ qurmaqla, onları ləkələməklə məşğul olub. R.Məhərrəmov orduda nizam-intizama, qayda-qanuna əməl olunması vəziyyətinə nəzarət etmək əvəzinə, özü belə qara işlərlə məşğul olanların önündə gedib. Onun dövründə əsgərlərin az qala 80 faizi pul hesabına evə buraxılırdı, düşmənlə üz-üzə yerləşən mövqelərdə posta çıxarmağa əsgər tapılmırdı. Eyni zamanda R.Məhərərmova görüm-baxım etmədən vəzifədə yüksəlmək, rütbə almaq mümkün deyildi. Onun əsas “uğurlarından” biri də hərbçiləri bir-biri ilə üz-üzə qoymaq, danosbazlıq yaratmaq olub. 

İndi bu uğursuz polkovnik özünə yeni məşğuliyyət tapıb və sərhədçi olmaq, ya da DSX üzrə mütəxəssislik xəyalına düşüb. Adama deyərlər ki, hərbçi kimi hansı uğur qazanmısan ki, indi də sərhədçi peşəsinin incəliklərindən danışırsan. Amma əminik ki, R.Məhərəmov burada da şəxsi mənafeyini güdür, pul qazanmaq istəyir. Digər ən real variant isə onun sifariş yerinə yetirməsidir. O da mümkündür ki, Hərbi Polisin keçmiş rəisi bunun ikisini bir yerdə həyata keçirir. Yəni həm sifariş icra edir, həm də pul qazanır. Bu isə R.Məhərərmovun xislətinə tam uyğundur... 

Nadir Qocamanlı
365oxu.com